Ağstafa rayon Mərkəzi Kitabxanası

Ağstafa rayon MKS
Tədbirlər
21 Oktyabr , 2016

 

Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müstəqilliyimiz tarixi nailiyyətimizdir” başlığı altında sərgi və dəyirmi masa təşkil edilmişdir. Sərgidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş kitablar və digər məlumatlar sərgilənmişdir. Dəyirmi masanı giriş sözü ilə Mərkəzi Kitabxananın rəssamı Sultanov Zahid açaraq  qeyd etdi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.

Növbəti çıxışı isə “Oxuculara xidmət şöbəsi”nin multimediya mütəxəssisi Məhərrəmova Laçın etdi. O, da öz çıxışında bildirdi ki, ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

_